Geriyə baxanda...
Artıq 63-ün bir addımlığında dayanıb 62-i yola salıram. Bir anlıq yola saldığım illərə nəzər salanda bu illərin heç də hamar keçmədiyini görürəm.
Sovet
dövrünün 70-ci illərində səkkizillik və sonra isə orta məktəbdə oxuduğum illərin,
80-ci illərdə Ali məktəbin sessiyalarının necədə ağır keçdiyini indi bir daha
xatırlayıram. Az qalırdın saatın pərini dartıb irəli çəkəsən ki gün başa çatsın.
Hərdən o illərdəki abu-hava üçün adam
darıxır. Qlobal dünyada bütün sahələrdə mənəvi qazancımız çox olsa da, bu gün hiss olunur ki, itirdiyimiz dəyərlərdə az
olmadı. Nə isə...
Bu
gün 62 ili üst-üstə götürsək xöşbəxt anlarla dolu olan günlərin sayı bəlkə də
bir ilə bərabər olmaz. SSRİ kimi nəhəng dövlətin dağılmasının, müstəqilliyimizin
elan olunmasının, 30 illik bir müharibə şəraitinin ağrı-acısını və sonda
unudulmaz qələbənin qazanılmasının iştirakçısı,
həm də şahidi olmaq bütün hallarda hər
birimizdə keçirdiyimiz bu ağrı-acını kölgə
də qoymuş oldu. Bu gün hər gələn günə şükür edirəm. Müstəqil, azad, ərazi
bütovlüyünü öz gücünə bərpa edən bir dövlətin vətəndaşıyam.
Geriyə
baxanda, bir də fikirləşirsən ki, sən taleyin işinə bir bax - harada doğulub,
harada böyüyüb, harada yaşamaq mənə qismət olub. Bəlkə bu da bir alın
yazısıymış. Nə isə...
Geriyə
baxanda, az da olsa etibarlı, ürək
qızdırıb, hər bir problemi müzakirə edə biləcək dostlarımı görürəm. Nə isə...
Bütün
hallarda arzular bitmir. Heç bitəsi də deyil. Təki arzulamıza sağlıqlı illərlə
çatmaq hər birimizə qismət olsun. Amin.
Vüqar
Tofiqli
Rəylər
0 Rəy